Yeni Üyelik
keyboard_arrow_left 1.
Bölüm
@resulummeti
Hər sevgidə əvvəlcə səfa olmamış olmaz,
Ardıyca səfanın da cəfa olmamış olmaz.

Yarın zəli hicrində könül qanə batıbsa
Ol lalə yanağında dəva olmamış olmaz.

Bir saniyəlik gül yüzünün seyrinə xatir
Min bülbüli-şeydası fəda olmamış olmaz.

Gəncdir və qara saçlı, qara gözlü gözəldir,
Göz vurduğu bir bəxtiqara olmamış olmaz.

Bir nəğmə təmənnasıdır əslində sükutu,
Sevdalı ürəklərdə nəva olmamıṣ olmaz.

O vaxtadək əl çəkmərəm ondan ki mənə ya
Könlümdə yerin "var" deyə, ya "olmamış olmaz".

Ey Ümməti, sus, hər gözəl İsanəfəs olmaz,
Yarın demə, ləlində şəfa olmamış olmaz.





Qəm aşiq idi göznə, olub qəmli gözlərin
Yoxsa, sevincidirmi qəmin nəmli gözlərin

Bu yaşlı gözlərim sənə qurban ola demə
Dözməm itirsə nurunu zəmzəmli gözlərin

Bəsdir bəbək misali məni gördün ağladın
Hər yerdə görsənir qara pərçəmli gözlərin

Bayram edər gülüm, səni görcək rəqiblər
Ölsəm də olmasın daha matəmli gözlərin

Ey cənnətim, könüldə çiçək açdırar, fəqət
Od da ələr bu eşqə cəhənnəmli gözlərin

Nərgiz xumarı ilə məni məst eyləyir
Ey birdənəm, sənin iki aləmli gözlərin

Bu Ümməti gözündə özündən də yüz kərə
Heç şübhəsiz, dəyərlidir özləmli gözlərin.



Bir gün vüsali-yari ki gördüm sərabtək
Zövqüm də sonra oldu dərin iztirabtək

Məstanələr kimi meyi-eşqi-nigarı mən
Çəkdikcə hüzn başıma çəkdim şərabtək

Məşriq zamanı Gündümü yaymış şəfəqlərin
Yoxsa üzündü nur saçır Afitabtək

Könlüm simin o qaşıkaman yarə bağlamam
Çəkdirdi dəmbədəm mənə nalə rübabtək

Ey mahru Günəş özü çıxsa hüzuruna
Təzim edərdi nuruna alicənabtək

Son ayrılıqdır sevginin ən son səhifəsi
Təsvir olunsa xalqa əgər bir kitabtək

Bir kimsə görməsin səni bu yarələr ilə
Yaz, Ümməti, ki yarənə olsun hicabtək.


Kim deyir ki, ayrıyıq, görüşürük biz hələ
Su mavisi üfüqün alov şəfəqlərində.
Göy üzündən enirik, gəzişirik əl-ələ
Sevgi şeirlərində, kitab vərəqlərində.


Hərə bir təkidlə əlimdən tutur,
Köhnə arzular var bu yeni ilə.
Bəs, indi mən necə bayram keçirim,
Ümidimin qırxı çıxmayıb hələ

Evdə necə deyim ki, üzülmürəm,
Hər yanımda şənlik, ürəyimdə yas.
Heç kimə dərdimi aça bilmirəm,
Yenə köhnə hamam, yenə köhnə tas.

Yenə üzüləcək doğmalar mənə,
Yenə boş vədlərlə dolacaq şəhər,
Bir oğlan bir qızı sevəcək yenə
Molokan bağından metroya qədər.

Şübhəyə düşmüşəm özüm-özümdən,
Dönüş qapısının yoxmu açarı?...
Yoxsa, hamı bilir, günahkaram mən,
Kim görür, səsləyir qədəhə sarı.

Təqvanı, paklığı vermişəm bir-bir,
Amma inamımdan keçə bilmərəm.
İçimdə ölü bir sevgiyə xatir
"Fatihə" oxunur, içə bilmərəm.


modal aç
modal aç
modal aç